RƏSMİ 2020.10.09 17:50

Soydaşlarımız rəsmi Londonu Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb

26

Böyük Britaniyada yaşayan azərbaycanlı icması ölkənin xarici işlər naziri Dominik Raaba və Britaniya parlamentinin üzvü Diana Abottaya müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyevin, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın və Londonda Azərbaycan Evinin rəhbəri Ali Tekin Ataların nazirə və parlament üzvünə ünvanladıqları məktub Dominik Raabın kanadalı həmkarı Fransua-Filip Şampanla Ermənistanla Azərbaycan arasında hərbi toqquşmaların dayandırılmasına çağıran 6 oktyabr 2020-ci il tarixli birgə bəyanatına görə soydaşlarımızın təşəkkürü ilə başlayır. Azərbaycan mənşəli britaniyalıların yaşadıqları ölkənin xarici siyasətinin balanslı və müstəqil yanaşmasını yüksək qiymətləndirdiklərini qeyd edən icmamız Fransa prezidenti Emmanuel Makronu dövlətimizin və xalqımızın ünvanına səsləndirdiyi əsassız ittihamlara görə sərt tənqid edib.

Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruq qaldığını, beynəlxalq təşkilatların Azərbaycanın torpaqlarının işğaldan azad olunması, Ermənistanın bu torpaqları dərhal və qeyd-şərtsiz tərk etməsi barədə qətnamələrinin və qərarlarının olduğunu xatırladan soydaşlarımız Azərbaycanın həmişə terrorizmə qarşı mübarizədə Böyük Britaniyanı dəstəklədiyini vurğulayıblar.

Azərbaycanla Böyük Britaniyanın tarixi əlaqələrə malik olduğunu, müasir dövrdə ölkələrimizin neft-qaz, elm, mədəniyyət və ticarət sahələrində tərəfdaşlıq və əməkdaşlıq etdiyini bildirən soydaşlarımız rəsmi Londonu Azərbaycana münasibətdə ədalətli siyasət yürütməyə və diplomatik nüfuzundan istifadə edərək Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz evlərinə geri qayıtması və Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün dəstək göstərməyə çağırıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı