Şuranın dəstəklədiyi layihə uğurla yekunlaşıb

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsinin yekun hesabatı haqqında Milli QHT Forumunun Bakı QHT Resurs və Təlim Mərkəzində mətbuat konfransı keçirib.
Konfransda layihənin işci heyəti, dövlət, QHT və KİV nümayəndələri iştrak ediblər.
Birliyin sədri Cavad Qasımov təşkilatın fəaliyyəti, bəhsigedən layihə haqqında geniş məlumat verib: “Layihə çərçivəsində üç ay müddətində 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “Layihə Universiteti” və “İngilis dili” kursları, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzdə kompüter kursları təşkil olunub. Bu kurslarda ümumilikdə 87 nəfər  iştrak edib. Müvəffəqiyyət qazanan iştrakçılara müvafiq sertifkatlar verilib”.
Tədbirdə bildirilib ki, “Layihə Universitetinin” təlimlərində iştrakçılara layihənin tərtib edilməsi, həyata keçrilməsi və layihənin hesabatının hazırlanması qaydaları öyrədilib. Təlimin keçirilməsində məqsəd iştrakçılara öz ideyalarını fərdi qaydada layihələr şəklində reallaşdırmaq qaydalarını öyrətmək, cəmiyyətimizin inkişafinda aktiv fəaliyyət göstərmələrinə stimul vermək, və özünə məşğulluğun inkişafına dəstək olmaqdan ibarət idi. “İngilis dili” kurslarında Paralimpiya idman növü olan BOCCİA idmançılarına və yarışlar zamanı idmançılara dəstək olan könüllülərə ingilis dilinin danışıq lüğəti təlim edilib. Məqsəd ölkəmizi təmsil edən Paralimpiyaçı idmançılarının xaricdə rahat şəkildə ünsiyyət qura bilmələrinə nail olmaqdır. Komputer kurslarında isə iştrakçıların müasir texnologiyalar vasitələrindən düzgün və səmərəli istifadə etmələri üçün bir çox komputer proqramları öyrədilib, komputerdən düzgün istifadə etmə, onların format qaydaları, proqramların düzgün yüklənməsi kimi xüsuslar aşılanıb.
Qeyd edək ki, təlimlərin gerçəkləşməsində İstedadlı Əlillər İctimai Birliyinə 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Şəms Tərcümə Mərkəzi, Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mərkəz təşkilatı dəstək göstərib.