CƏMİYYƏT 2020.11.09 11:00

Şuşa – musiqi akademiyası, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir

55

Nəhayət ki Şuşa həsrətimizə son qoyuldu! Şuşamız düşmən əsarətindən azad edilərək xalqımıza qaytarıldı. Bunu gerçəkləşdirən isə sanki sehrli nağıllardan gəlmiş əfsanəvi cəngavər – Ali Baş Komandanımız Prezident İlham Əliyev və müzəffər Azərbaycan ordusu oldu! Buna görə öz adımdan və ailəmiz adından sonsuz minnətdarlığımı bildirirəm!

Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Şuşanın itirilməsindən bizə dəyən mənəvi-psixoloji zərbənin ağrısı-acısı zaman axarında yalnız artırdı. Şuşanın işğalı milli varlığımıza vurulan sağalmaz, daim inləyən yara idi.

Şuşa – unikal Azərbaycan musiqisinin beşiyi, musiqi akademiyası, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Şuşa – Pənahəli xanın, İbrahimxəlil xanın,Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün və daha neçə-neçə yazıçı, sənət adamı, bəstəkar, müğənni, teatr və kino xadiminin vətənidir.

İnanırıq ki, mənfur düşmənin Şuşada tarixi-mədəni irsimizin bütün izlərini silməyə yönəlmiş fəaliyyətinin nəticələri çox qısa zamanda Prezidentimizin rəhbərliyi ilə aradan qalxacaq, şəhərin əvvəlki siması bərpa ediləcək!

Eşq olsun Ali Baş Komandanımıza!

Yaşasın müzəffər Azərbaycan ordusu!

Canı-qanı bahasına bizlərə qələbə müjdəsini yaşadan şəhidlərimizin ruhu şad olsun!

Akademik Gövhər Baxşəliyeva, AMEA akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutunun direktoru

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı