CƏMİYYƏT 2020.11.09 09:30

Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir-Qafqazşünaslıq İnstitutu

52

Bu günə qədər əldə edilən qələbələr və bundan sonrakı günlərdə işğal edilmiş bütün ərazilərin azad edilməsi ilə bağlı qələbə xəbərləri Azərbaycanın gələcək möhtəşəm inkişaf yolunun ilk müjdələridir. Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər”.

E.Kəlbizadə qeyd edib ki, 1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. 2003-cü ildən sonrakı mərhələdə İlham Əliyev diplomatiyasının apardığı fəal iş Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqi əsaslarını daha da möhkəmləndirdi.

Tarixçinin sözlərinə görə, Azərbaycan nəinki Qafqaz regionu üçün, ümumilikdə bütün dünyanın gələcək taleyi üçün təhlükə törədə biləcək terror yuvasını təmizləyir. Azərbaycan həm də Ermənistanın Gürcüstanın Samtsxe-Cavaxeti diyarına, Qara dəniz sahili bölgələrinə, Rusiyanın Krasnodar, Soçi kimi strateji əhəmiyyətli ərazilərinə, İran İslam Respublikasının şimal-qərb bölgələrinə sərsəm iddialar irəli sürməsinin qarşısını alır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı