ƏSAS SƏHİFƏ

Tələbələr böhrandan hansı dərsləri götürməlidirlər?

728

 

Mən 1-ci sinifə 1993-cü ildə getmişəm və 90-cı illərin iqtisadi çətinliklər, müharibəsonrakı müddət və keçid dövrü adlandırılan illərinin böhranı tam da olmasa böyük şəkildə yadımdadır. Artıq universitetə daxil olanda, xüsusən də 1-ci kursun ortalarında ölkədə vəziyyət çox dəyişmişdi. Sadə bir nümunə ilə deyə bilərəm ki, 1-ci kursun sentyabr, oktyabr və noyabr aylarına olan təqaüdüm əgər cəm olaraq təxminən indiki puldan 14-15 manat etmişdisə, sonradan təqaüdümüz ciddi şəkildə artmışdı. Amma elə deyəsən 10 ildir ki, o artandır. :) İndi universitetdə oxuyan gənclər 90-cı illərin ortalarında yenicə dünyaya gəlmişdilər və onların məktəb illəri ailələrinin azdan-çoxdan imkanlı vaxtına düşdü. İndidə qəfil bu böhran. Manatın kursu düşdü, yüksək inflyasiya, artan tələbatları azalda bilməmək qorxusu, aqressivliyin artması… Bu siyahını artıra bilərik. Artırmaqla yanaşı özümüzü daha da çox depressiyaya sala bilərik. Amma fikrimcə bir neçə dəqiqə vaxt edib aşağıda məsələlərə fikir verəcək tələbələr uduzmazlar:

Xərclərinizə nəzarət edin

Bəli, birinci məsləhət çox sadədir, amma elə ən əsasıdır. Yazılarımın birində 10 il qabaq tələbələrin daha az xərcləri olması barəsində bildirmişdim. İndi tələbələr ya özlərinin gəlirləri, ya da ailəsinin dəstəyi ilə bahalı telefona, kompüterə sahibdirlər. Sağlıqlarına qismət! Bütün bunlar dünyaya bağlanmaq üçün vacibdir. Amma gərək indiki vəziyyətdə xərclərinizə nəzarət edə biləsiniz. İldə bir telefon dəyişməyə ehtiyac yoxdur. Evdən biraz tez çıxıb hava şəraiti, xüsusən də  ‘yolların palçıqlılıq şkalası’ imkan verirsə universitetə olan yolun bir hissəsini piyada gedə bilərsiniz. Bu həm faydalıdır, həm də düşünməyə daha çox vaxtınız olacaq. Siqareti də atmağa da kömək edə bilər. Kredit kartları ilə geyimə-keçimə xərclədiyiniz pulları isə ayda özünüzə 3-4 kitab alıb, həmçinin sadəcə almaqla kifayətlənməyib oxumaqla da daha faydalı iş görmüş olarsınız. Sizin təhsil haqqınız və ya başqa vacib xərcləriniz üçün onsuzda valideynləriniz çətinliklə qazandıqları pullardan sizə olan ayırmaları azaltması ehtimal olunur. Özünüz buna hazır olun və kofeni Gloria-da deyil, evinizdə ailənizin əhatəsində için.

Vaxt həmişə qızıl olub, indi onun da qiyməti qalxır

Böhran oldu olmadı bunu unutmayın ki, vaxt hər il daha da öz dəyərini itirir. Xüsusən də siz onun dəyərli olması üçün çox az çalışırsınızsa. Əslində pul nə qədər vacib element kimi görünsə də, çoxlarımız ondan da vacib olan vaxtı düz dəyərləndirə bilmirik. Gün ərzində bizim üçün prioritet, vacib olan məsələlərə əslində çox az vaxt ayırırıq. Xüsusən də məqsədyönlü deyiliksə onda vaxt necə gəlir necə keçir bilmirik. Məktəbdə oxuyanda Çempionlar Liqasının play-off mərhələsində cavab oyunlarını gözləyəndə 2 və ya 3 həftənin çox sürətli keçməsini istəyirdim. Bir dəfə başa düşdüm ki, sevimli komandam hansısa kuboku qazansa belə bu mənim həyatımı dəyişməyəcək. Bu sadəcə mənə məmnunluq, sinif yoldaşlarımın yanında qürurlanmağım üçün bir səbəb olacaq. Bu cür yanaşma tərzilə həyatımda tam da olmasa gördüyüm işlərin böyük hissəsinin vaxt baxımından dəyərli olmasına nail ola bildim. Vaxtın idarə edilməsi ilə bağlı oxuduğum materiallarda oxşarlıqlar çoxdur. Xüsusən də ‘daha vacib məsələləri önə çəkməyə’ tez-tez rast gəlmək olur. Amma bir məqam yadıma düşdü ki, onu sizinlə paylaşmaq istəyirəm. Bu məqam o idi ki, yazı müəllifi evə çatarkən və ya səhər oyanarkən televizoru açıb xəbərlərə baxmamağı tövsiyə edirdi. Həqiqətən bir qədər dərinə gedəndə gündə bir neçə saatımızın bəzən bizə heç bir fayda verməyəcək, ən əsası bilməyimizlə bizi heç bir fəaliyyətə çağırmayan xəbərlərə getdiyini görə bilərik. Bu o demək deyil, başqa proqramlara baxmaq tövsiyyə olunurdu, sadəcə yazar misalı xəbərlər üzərində daha təsirli edə bilmişdi. :) Bu misalı sosial mediaya da aid etmək olar. Növbəti bəndə bu barədə daha ətraflı.

Sosial mediadan bir qədər, lap elə çox uzaqlaşmaq

Mən çox səmimi məsləhət görürəm ki, indiki dövrdə xüsusən də böhrandan çox danışılan vaxtda sosial mediada çox az vaxt keçirəsiniz. Bəli, cəmiyyətdə baş verən hadisələrdən, ətrafınızdakı insanların həyatından xəbərdar olmaq pis deyil. Lazım gələndə hansısa məsələyə münasibət də bildirmək lazımdır. Elə sosial medianın vasitəsilə də bu yazını oxumaq imkanı əldə etmisiniz. Amma maksimum çalışın gündə sosial mediada 2 saatdan çox vaxt keçirməyəsiniz. 40 yaşına çatmış insanın, hətta 30 yaşına çatmış və özünə azdan-çoxdan şərait yaratmış bir şəxsin sosial mediadakı aktivliyi ilə özünüzü müqayisə etməyin. Xüsusən də hər bir yazıya, fotoya şərh bildirməklə elə bir qeyri-adi iş görmürsünüz. Yüzlərlə insan aylarla Facebook da olmur və çoxu da geri dönərkən bəyan edir ki, burada heç nə dəyişməyib. Eyni ilə vaxtın idarə edilməsi ilə bağlı yuxarıdakı fikirlərimdəki kimi. Odur ki, neqativ fikirlərdən, medianın qıcıqlandırıcı təbliğatından bir gənc kimi özünüzü qorumaq üçün bura yolunuzu az salın. Hərdən hətta dostlarla görüşəndə və ya axşam idmana gedəndə telefonu evdə qoyub gedin.

Əmək bazarında yeni imkanlar mütləq olacaq

Baxmayaraq ki, iqtisadçılar, mütəxəssislərin iş yerlərinin azalması ilə bağlı neqativ fikirləri var, bu sizi qətiyyən öz gələcək karyeranız ilə bağlı ruhdan salmamalıdır. Həqiqətən də sizin əmək bazarına daxil olacağınız yaxın 2-3 il ərzində vəziyyətin dəqiq necə olacağını proqnozlaşdırmaq çətindir. Amma bir proqnozu dəqiqliklə vermək olar ki, əmək bazarı, şirkətlər daha çox bacarıqlara sahib, savadlı tələbələrə çox üstünlük verəcək. İndi şirkətlərdə çalışan 30-45 yaşında olanlara nisbətən tədris aldığı illəri faydalı keçirən və oxuduğu sahəni dərindən öyrənən şəxslər gələcək üçün daha avatanjlıdırlar. Orta bizneslər gəlirlərinin azalacağı fonunda daha çox əməkhaqqına tələbatı olan şəxslərin əvəzinə daha enerjili, karyera yönümlü məzunlara üstünlük verə bilərlər. Sadəcə öz ixtisasınızı və ya çalışmaq istədiyiniz sahəni çalışın dərindən öyrənəsiniz. Əgər düşünürsünüz ki, təhsil aldığınız ixtisas üzrə sizə Azərbaycanda imkanlar azdır, xaricdə imkanlar axtarın. İxtisas-bilik-bacarıq-karyera kombinasiyasına daha real və obyektiv baxın. Öz ixtisasınıza vurulub özününüzü aldatmayın. Əmək bazarında olan şəxslərdən ixtisasın perspektivi ilə bağlı öyrənməyə çalışın və lazımdırsa qoy universitetdə ixtisasınız lap diplom xətrinə qalsın, amma özününüzü görmək istədiyiniz sahə, məsələn Maliyyə, Mühəndislik, Marketinq, Dizayn, Mühasibatlıq, İnsan Resursları, Əyləncə, Media olsun elə şou-biznes üzrə proqramlaşdırın.

Pozitiv olun dünyanın axırı deyil

Həqiqətən də, həyat öz axarı ilə gedir. Bir tələbə kimi sizin 100 nəfərlik bir şirkətdə maaşları vermək, 30 % artan ofisin kirayə pulunu ödəmək və s. ciddi biznes öhdəlikləriniz yoxdursa, dollar ilə ipotekaya ev götürməmisinzə, xaricdən dollar ilə Azərbaycana mal gətirib onu manatla satmırsınızsa və sizin əgər əsas işiniz indi daha çox oxuyub yaxşı karyera qurmaqdırsa bunu ancaq pozitiv əhval-ruhiyyə ilə edə biləcəksiniz. Deyə bilərsiniz ki, işçilərinin maaşını verə bilməyən və ya işçi olub maaşının gecikdiriləcəyindən narahat olan mənim atam, anamdır və bu böhran da bilavasitə mənə təsir edir. Bütün bu məsələləri başa düşürəm. Amma inanın ki, gənc olaraq depressiv həyat yaşayan şəxslər orta yaşlı depressiv həyat yaşayanlara nisbətən daha az uğur əldə edə bilirlər. Çünki elə işlər var ki, onları məhz tələbəlik illərində etmək daha düzgündür. Həm də bu dövr də, böhran da, tələbəlik illəri də uzun çəkməyəcək.

Ümumilikdə, bütün dövrlərdə böhrana fürsət kimi baxanlar həmişə qabağa düşüb. Dediyimiz kimi hadisələrə pozitiv yanaşmaq, vaxtı səmərəli və düzgün istifadə etmək sizləri Azərbaycan biznesinin gələcəyi edəcək. Ən əsası siz həm də ona görə Azərbaycanın gələcəyi olacaqsınız ki, sizin indi yaşı 30-dan yuxarı olanlara nisbətən Azərbaycanın real biznesinin böhran vəziyyəti və ondan çıxmaq yolları ilə bağlı oxuya biləcəyiniz çoxlu keyslər olacaq.

İlham Ali Yusif

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı