CƏMİYYƏT 2020.07.12 10:45

TƏBİB sədrinə sərt suallar: Siz kimsiniz Ramin Bayramlı?..

465

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Yeni Kanal internet televiziyasına açıqlamasında dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı Azərbaycanda aparılan mübarizəyə toxunub.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın bir sıra qərarlarının müsbət, əksər qərarlarının isə mənfi reaksiya ilə qarşılandığını bildirib: “Xüsusilə Qərargahın tibblə bağlı sahəsinə cavabdeh olan TƏBİB-in, onun sədri Ramin Bayramlının fəaliyyəti ictimaiyyətin kəskin narazılığına səbəb olmaqdadır. Çünki karantinlə bağlı qərarların qəbulunda, onun sərtləşdirilməsində, yaxud yumşaldılmasında tibb üzrə məsləhətçilərin, daha dəqiq desək Ramin Bayramlının xüsusi rolu olur. Demək olar ki, bütün mətbuat konfranslarında onun olması da bunun bariz göstəricisi kimi qəbul oluna bilər. Ona görə də ictimaiyyəti də narahat edən bir sualı ona ünvanlamaq qərarına gəldik. Ramin Bayramlı nə üçün pandemiya dövrünün başlanğıcında – mart-aprel ayları ərzində, Azərbaycan əhalisi kütləvi şəkildə bu fəlakətli situasiyaya hazırlıqsız olduğu halda, bu günkündən 15 dəfə az insan korona virusuna yoluxur və ya dünyasını dəyişirdi. Ancaq bu gün, əhali artıq 4 aydır hazırlıq görərək maarifləndikdən və demək olar ki hər kəs maska və dezinfeksiyaedici məhlullara malik olduqdan sonra, hətta sərt karantin rejimi tətbiq olunaraq həftələrlə bütöv bölgələr və paytaxt təcrid olunduqdan sonra gün ərzində 500 nəfərdən artıq yoluxma və ona yaxın ölüm sayısı var? Bunun məntiqi bir izahı varmı? Yoxdur, olsaydı dərhal deyərdiniz. Demək ki, işiniz yarıtmazdır. O zaman səhv etdiyinizi, işinizi düzgün qurmadığınızı etiraf edin. Amma bunun qarşılığında siz və əməkdaşlarınız nə edir? Əksinə cəmiyyəti hədələyirsiniz, daha da pis durumlara düşəcəyimizi söyləyib günahı bizim üstümüzə atmağa çalışır və psixologiyamızı terror edirsiniz”.

Mübariz Göyüşlü TƏBİB sədri Ramin Bayramlıdan Türkiyədən və Rusiyadan mütəxəssislər dəvət edilməsinin səbəbini də soruşub: “Hər cür imkana malik olduğumuz söylənilirdi. Amma birdən-birə xaricdən mütəxəssislər gətirildi. Nə oldu, nə dəyişdi ki, birdən belə bir qərar aldınız? Azrəbaycanlı həkimləri, mütəxəssisləri yaxşı bir şəkildə təşkilatlandıra bilmədinizmi? Nə üçün yerli, savadlı və qabiliyyətli mütəxəssislərin hamısını prosesə aktiv şəkildə cəlb etmədiniz? Burada da biz günahkarıq?” Mübariz Göyüşlü Ramin Bayramlıya etdiyi müraciəti bu cür yekunlaşdırıb: “Siz kimsiniz Ramin Bayramlı? Prezident İlham Əliyevin koronavirusa qarşı mübarizəsinə kölgə salmaq istəyən məmur, yoxsa üzərinə düşən işi həyata keçirməyi bacarmayan bir şəxs?”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı