Azərbaycanın haqlı davasında daim onun yanında olan Türkiyə dost və qardaş ölkə olduğunu bir daha sübut edib.

Təcavüzkar dövlət olan Ermənistanın hərbi cinayətləri nəticəsində mülki əhaliyə qarşı həyata keçirilən soyqırım aktının budəfəki şahidləri Türkiyə Cümhuriyyəti Gənclər Fondunun nümayəndələri olub.

Ermənistan silahlı qüvvələrinin Bərdə və Gəncədə mülki insanlara qarşı beynəlxalq konvensiyalara zidd olaraq ballistik raketlərdən istifadə etməsi və bunun nəticəsində çox sayda dinc əhalinin həlak olması, eləcə də onlarla yaşayış evinin dağıdılması rəsmi qonaqları dəhşətə gətirib.

Hadisənin canlı şahidləri olan Milli Məclisin Gəncəni təmsil edən deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov erməni vandallarının Azərbaycanın 2-ci böyük şəhərində törətdikləri vəhşiliklə bağlı nümayəndə heyətinə geniş məlumat veriblər.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşəbbüsü ilə baş tutan ziyarətdə erməni terrorunun dünyaya çatdırılmasında hər iki ölkənin gənclər təşkilatlarının birgə fəaliyyət göstərəcəyi ifadə olunub. Bu istiqamətdə artıq gənclər təşkilatları tərəfindən müxtəlif təbliğat işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb. Rəsmi qonaqlar erməni hərbi cinayətlərindən əziyyət çəkən şəhər sakinləri ilə də görüş keçiriblər.