CƏMİYYƏT 2020.10.10 19:00

Türkiyədən Azərbaycana növbəti dəstək

57

Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda Azərbaycana dəstək aksiyası keçirilib.

Axar.az xəbər verir ki, tədbir Gölcük bələdiyyəsinin və Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı aksiyada əvvəlcə ölklərimizin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Gölcük bələdiyyəsinin sədri Ali Yıldırım Sezer, bələdiyyə məclisinin üzvləri, bölgədə fəaliyyət göstərən dövlət icraiyyə komitələrinin rəhbərləri, siyasi partiyaların və QHT-lərin təmsilçiləri tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığı haqqında danışıblar.

Aksiyada qardaş Azərbaycana dəstək məqsədilə bəyanat oxunub.

Gölcükdə fəaliyyət göstərən QHT-lərin sədrlərinin imzası ilə yayılan bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-dən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və digər bölgələrində atəşkəsin pozulmasını, həmçinin ağır silahlardan istifadə edilməklə Azərbaycanın yaşayış məntəqələrinin və hərbi birləşmələrinin hədəfə alınmasını şiddətlə qınayırıq. Son təxribatlar bir daha sübut edir ki, bölgədə sülhə və əmin-amanlığa ən böyük maneə Ermənistandır. Biz beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycanı bu haqlı mübarizəsində tam dəstəkləyirik. Otuz ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq, bu haqsız işğala son qoyulmasını tələb edirik. Beynəlxalq ictimaiyyəti bu günə qədər Ermənistanın təcavüzünə və hücumlarına məruz qalan Azərbaycanın yanında olmağa dəvət edirik.

Gölcükdə fəaliyyət göstərən QHT-lər olaraq baş verən bu hadisələr zamanı şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, qazilərimizin isə tezliklə sağalmalarını diləyir, millətimizin həmrəylik iradəsini bir daha vurğulayırıq”.

Tədbirdə Azərbaycan və Türkiyə sənətçilərinin ifasında vətənpərvər mahnılar ifa olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı