CƏMİYYƏT 2020.10.09 17:56

Ukraynada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə dəstək müraciəti qəbul ediblər

19

Azərbaycanın Ukraynadakı səfirliyində bu ölkədə fəaliyyət göstərən ziyalı, diaspor rəhbərləri, iş adamları olan soydaşlarımızla görüş keçirilib.

Səfirlikdən bildirilib ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Ermənistanın təxribatı nəticəsində həlak olan mülki şəxslər, hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bildirib ki, Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırmaq üçün xaricdə yaşayan soydaşlarımızın, xüsusilə ziyalılarımızn, diaspor təşkilatlarının, iş adamlarının üzərinə böyük məsuliyyət düşür.

“Ukraynada yaşayan soydaşlarımız bu istiqamətdə aktiv fəaliyyət göstərirlər. Ancaq Ermənistanın müharibə cinayətlərini daha geniş auditoriyaya çatdırmaq üçün mətbuat orqanlarından intensiv istifadə olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın çirkin əməllərini dünya ictimaiyyətinə çatdırmaq üçün hər gün xarici telekanallara, informasiya resurslarına müsahibə verir. Bu müsahibələrində dövlət başçımız dünyaya öz mesajlarını, Azərbaycanın haqlı mövqeyini çatdırır”, deyə səfir əlavə edib.

Sonra Azərbaycan Müdafiə Nazirliyinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev Milli Ordumuzun uğurlu əks-həmləsi barədə soydaşlarımızı məlumatlandırıb, Azərbaycanın işğaldan azad olunan əraziləri barədə danışıb.

Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukraynanın sabiq energetika nazirinin müavini, iş adamı Burzu Əliyev, hüquq elmləri doktoru, akademik Arif Quliyev, professor, tarix elmləri doktoru Fərhad Turanlı, “Mir azerbaydjantsev Ukrainı” ictimai təşkilatının sədri Şakir Yəhyayev, Kiyev şəhəri müsəlman “İşıq” təşkilatının sədri Hacı Əbülfəz Qasımov, iş adamları Akif Gülməmmədov, İlqar Abbasov, Ümumukrayna Azərbaycanlı Gənclər təşkilatının sədri Damət Əsgərov və digərləri hər zamanı Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusunun yanında olduqlarını bəyan ediblər. Qeyd edilib ki, Ermənistanın işğalçı siyasətini Ukrayna ictimaiyyətinə çatdırmaq üçün bu ölkənin media platformasında geniş istifadə olunur. Bu işdə Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımıza böyük dəstək olur. Diaspor rəhbərləri və iş adamaları bu günlərdə Ukraynanın müxtəlif bölgələrindən Azərbaycan Ordusuna maddi və ərzaq yardımına başlayıb. Artıq yük avtomobilləri Azərbaycana üz tutublar. Çıxışçılar bildiriblər ki, Ali Baş Komandan tam səfərbərlik elan edərsə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün döyüşməyə tam hazırdılar.

Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını və müvafiq qərarların qəbul ediləcəyini söyləyib.

Sonda tədbir iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə dəstək müraciəti qəbul olunub.

Müraciətdə deyilir ki, son günlər cəbhə bölgəsindən gələn xəbərlər Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir və qürurlandırır. Qüdrətli ordumuz öz Ali Baş Komandanının göstərişi ilə sarsılmaz gücünü düşmən üzərində böyük əzmlə göstərir.

“Cənab Prezident, bu gün Sizin Ali Baş Komandanlığınızla Milli Ordumuzun rəşadəti sayəsində mənfur düşmən işğal etdiyi Azərbaycan torpaqlarından qovulmaqdadır. Dövlətimizin erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında, erməni saxtakarlığını ifşa edən, təkzibedilməz dəlillərə əsaslanan publisistik və elmi əsərlərdən ibarət materialların Ukraynada davamlı şəkildə yayılmasında rol oynayan Ukraynada yaşayan azərbaycanlı ziyalılar müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun daim yanında olduğunu bəyan edir. Siz və Sizin əmrinizdə olan Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdi ki, biz Qarabağ uğrunda, öz torpaqlarımız uğrunda sona qədər döyüşməyə hazırıq. Tarixi ədalət bizim tərəfimizdədir. Sizə dərin hörmət və dəstəyimizi bir daha bildirir, hər an əmrinizdə olduğumuzu ifadə etmək istəyirik. Biz, həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin yürütdüyünüz siyasəti tamamilə dəstəklədiyimizi bildiririk”, deyə müraciətdə qeyd olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı