DÜNYA 2021.01.19 01:00

ÜST: “Dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub”

66

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə peyvəndin tətbiqində zəngin və yoxsul ölkələr arasında yaranmış uçurumu yenidən sərt tənqid edib. Dünyanın 49 zəngin ölkəsində indiyədək 39 milyon peyvənd dozası tətbiq edildiyi halda, yoxsul ölkələrdə vurulan peyvəndlərin sayı cəmi 25 dozaya bərabərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ÜST-ün baş direktoru Tedros Qebreyesus təşkilatın İcraiyyə Şurasının iclasında bildirib. O, yaranmış vəziyyəti şərh edərkən qeyd edib ki, bu mənzərə “dünyanın fəlakətli mənəvi uğursuzluğun astanasında“ olduğunu nümayiş etdirir. Zəngin ölkələrin peyvənd istehsal edən şirkətlərlə bağladıqları ikitərəfli müqavilələrin sayı getdikcə artmaqdadır. Əgər ötən il ərzində 44 belə müqavilə bağlanmışdısa, bu ilin ilk günlərdə daha 12 yeni müqavilə imzalanıb.

T. Qebreyesus “hamıdan öncə mən“ yanaşmasının təkcə yoxsul ölkələrin əhalisinin həyatına təhlükə yaratmaqla yanaşı, eyni zamanda pandemiyanın müddətinin də artırdığını diqqətə çatdırıb. O, yüksək sayda peyvənd dozaları alan ölkələrə müraciət edərək, onları vermiş olduqları vədlərə sadiq qalmağa və yoxsul ölkələri peyvənd dozaları ilə təmin etməyi hədəf alan beynəlxalq COVAX təşəbbüsü dəstəkləməyə çağırıb. COVAX təşəbbüsü çərçivəsində 92 ölkənin əhalisi peyvəndlə təmin olunmalıdır və hələ ötən il bir sıra ölkə bu təşəbbüsə maliyyə dəstəyi göstərməklə yanaşı, öz ölkələri üçün sifariş edilən peyvənd dozalarının bir qismini həmin təşəbbüsə yönləndirəcəklərini vəd ediblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı