DÜNYA 2020.10.10 09:15

Veeramalla Anjaiah: Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməli, Azərbaycan torpaqlarından çıxmalıdır

37

İndoneziyanın nüfuzlu “eurasiareview.com” saytında tanınmış jurnalist Veeramalla Anjaiahın “Ermənistan Dağlıq Qarabağdakı müharibənin dayandırılması üçün nə etməlidir?” başlıqlı analitik məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Al Arabia” TV kanalına verdiyi müsahibəsində Ermənistanın Azərbaycan torpaqlarından əsgərlərini çıxaracağı və Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan xalqından üzr istəyəcəyi təqdirdə müharibəni dayandırmağa hazır olduğunu söylədiyinə dair bəyanatına istinad edilib. Prezidentin “Tək bir şərtimiz var. Erməni silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan torpaqlarını tamamilə və dərhal tərk etməlidirlər” deyərək, Ermənistan bu şərtləri qəbul edərsə, müharibənin dayandırıla biləcəyini, müharibə istəmədiyimizi, Paşinyanın “Qarabağ Ermənistandır” deməklə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan 28 illik sülh danışıqları prosesinə zərbə vurduğunu söylədiyi, ona qədər Ermənistanın heç bir dövlət başçısının Qarabağın Ermənistan olduğunu söyləmədiyinə dair fikirlərinə yer verilib.

Yazıda münaqişənin hansı səbəbə görə yenidən alovlanlandığının sual doğurduğu bildirilərək, N.Paşinyanın iqtidara gəlməsindən sonra Ermənistanın Azərbaycana qarşı siyasətinin çox dəyişməsinə, onun Dağlıq Qarabağla bağlı məlum bəyanatının Azərbaycanı qəzəbləndirdiyinə diqqət çəkilib. N.Paşinyanın Dağlıq Qarabağın danışıqlar prosesində iştiraka cəlb edilməsi ilə bağlı tələbinin həm Azərbaycan, həm də ATƏT-in Minsk Qrupu tərəfindən rədd edildiyi bildirilib. Azərbaycanın Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin Ermənistanla Azərbaycan arasında olan bir münaqişə olduğunu açıq şəkildə bəyan etdiyi, sülh danışıqları prosesində nəinki dünya dövlətləri, hətta Ermənistanın özü tərəfindən belə tanınmayan Dağlıq Qarabağın qondarma rejiminin iştirakının mümkün olmayacağını ifadə etdiyi vurğulanıb.

Məqalədə, habelə, Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs elan edilməsindən bu yana sərhəd xəttində toqquşmaların baş verdiyi, ən böyük toqquşmanın 2016-cı ilin aprel ayında 4 gün davam etdikdən sonra atəşkəs elan edilərək dayandırıldığı qeyd olunub. Ermənistanın əvvəlki liderləri kimi N.Paşinyanın da sülh danışıqlarının uğurlu nəticəsini istəmədiyi vurğulanan məqalədə Ermənistanın Serbiyadan və Rusiyadan silahlar aldığı da bildirilib.

Daha sonra məqalədə N.Paşinyanın ölkəsinin daxilindəki böyük problemləri ört-basdır etmək, ermənilərin dəstəyinə nail olmaq üçün müharibə istədiyi yazılıb. Cari ilin iyulunda Azərbaycanın Tovuz rayonuna ermənilər tərəfindən həyata keçirilən hücum və bunun nəticəsində Azərbaycan ordusunun generalı da daxil olmaqla, 20-yə yaxın hərbiçinin və mülkü əhalinin öldürüldüyü qeyd edilib. Tovuz rayonunun Dağlıq Qarabağ regionunda yerləşmədiyi, Azərbaycanın neft boru kəmərlərinin və təsisatlarının yerləşdiyi ərazi olduğu bildirilib. Cari ilin avqustunda Azərbaycanda terror fəaliyyətləri həyata keçirmək üçün Ermənistana məxsus təxribat-kəşfiyyat qrupunun Azərbaycan sərhədində tutulduğu vurğulanıb.

Müəllif Türkiyənin Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsində Azərbaycana tam mənəvi və siyasi dəstək verən yeganə ölkə olduğunu qeyd edib.

Ermənistanın sentyabrın 27-də növbəti hücumunun Azərbaycan tərəfini əks-hücum tədbirləri görməyə vadar etdiyini qeyd edən A.Veeramalla Azərbaycan Prezidentinin “Ermənistan hökuməti qlobal səviyyədə əhəmiyyətini, onlara ola biləcək dəstəyi şişirdir və bizi təhrik edən çox ciddi səhvlər etdi və indi ciddi məğlubiyyətə uğradıqlarını görürük” sözlərinə istinad edib. Habelə, bir çox insanın Ermənistanın nəyə görə təcavüzkar adlandırıldığını bilmədiyini qeyd edən müəllif 1988-1994-cü illər ərzində Ermənistanın nəinki Dağlıq Qarabağı, hətta ona bitişik 7 rayonu işğal etdiyini, bölgədə apardığı etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının öz yurd-yuvalarından zorla köçürüldüyünü, Xocalıda silahsız mülkü əhaliyə, qadınlara, uşaqlara və yaşlılara qarşı soyqırımı həyata keçirdiyini vurğulayıb.

Ermənistanın Azərbaycanın Suriyadan döyüşçülər gətirdiyinə dair bəyanatına Azərbaycan Prezidentinin “Yalan bir xəbər. Azərbaycanın 100 mindən çox əsgəri var. Suriyadan döyüşçülərə ehtiyacımız yoxdur” sözləri ilə Ermənistanın bununla bağlı açıqlamasını rədd etdiyi vurğulanıb. Məqalədə, əksinə Ermənistanın hazırda döyüşlərə “Sasna Tsrer” təşkilatından könüllüləri, kürdləri, “VOMA” təşkilatından döyüşçüləri cəlb etdiyi bildirilib. Yüzlərlə PKK və onun Suriya qanadı olan YPG-nin üzvlərinin Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüyünü, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Gürcüstan və Rusiyada olan erməni diasporunun da müharibədə vuruşmaq üçün könüllülər topladığı qeyd edilib.

Beynəlxalq mediada hər iki tərəfin ordusunda itkilərin olduğunu, əsasən mülkü əhali arasında olan itkilərə dair narahatlıq bildirilən xəbərlərin verildiyini qeyd edən A.Veeramalla Azərbaycan silahlı qüvvələrinin ölkənin bəzi ərazilərini işğaldan azad etdiyini, Ermənistanın Azərbaycanın güclü silahları və ordusu qarşısında böyük itkilər verdiyini vurğulayıb.

Məqalənin sonunda müəllif müharibənin dayanması üçün beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk Qrupunun Ermənistana BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməsinə görə təzyiq göstərməli olduğunu bildirib. Vurğulayıb ki, müharibənin qarşısını yalnız Ermənistan ordusunun işğal etdiyi torpaqlardan çıxması ala bilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı