CƏMİYYƏT 2020.11.05 13:20

Xankəndinin 56 min sakinindən şəhərdə 17 mini qalıb – ermənilər onların sığınacaqlarda yaşadığını deyir

28

İşğal altındakı Xankəndi şəhərində yaşayan əhalinin sayı ilə bağlı məlumat yayılıb. Bununla bağlı erməni mediasına istinadən xəbər verir. İddia olunur ki, dinc dövrdə şəhərdə 56 min nəfər yaşayıb, hazırda isə mülki əhalinin yalnız 30 faizi Xankəndindədir, qalan sakinlər isə Ermənistana köçüb. Bildirildiyinə görə, hazırda Xankəndi şəhərində yaşayan əhalinin sayı 17 min nəfərə yaxındır. Xankəndinin oyuncaq “mer”i David Sarkisyanın iddiasına görə, şəhərdə uşaqlar da qalıb. O, əlavə edib ki, mülki əhali sığınacaqlarda yaşayır.

Xankəndi şəhərində hərəkətin məhdudlaşdırıldığı, “yerli rəhbərliyin” onların qida təchizatı ilə məşğul olduğu bildirilir. “Mer” deyib ki, əgər şəhər sakinləri istəsələr, soyuqların düşməsilə əlaqədar olaraq onların da evakuasiyası həyata keçirilə bilər.

Xankəndində 56 min nəfərin yaşadığı, hətta indiki müharibə dövründə onların 17 min nəfərinin şəhərdə olduğu barədə məlumat şişirdilmiş də ola bilər. Ola bilər ki, daha az sayda mülki əhali qalıb və ya heç qalmayıb. Ermənistan ordusunun dinc sakinlərdən “canlı sədd” kimi istifadə etdiyi barədə kifayət qədər məlumatlar var. Bununla da erməni ordusu “dinc sakinlərin hədəfə alındığı” barədə beynəlxalq aləmdə rəy formalaşdırmağa çalışır.

Eyni zamanda hər gün Xankəndinin bombalanması barədə xəbər yayan ermənilər nədənsə “həlak olan mülki əhali”dən söz açmırlar, öz müvafiq informasiyalarını “xoşbəxtlikdən, zərərçəkənlər yoxdur” deyə bitirirlər.

Azərbaycan rəsmi qurumları dəfələrlə bəyan edib ki, ordumuz mülki sakinləri hədəfə almır və Azərbaycan qanunlarına hörmətlə yanaşan erməni əhalinin Qarabağda yaşaması üçün problem görmür.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı