ƏDƏBİYYAT 2020.02.26 10:21

Xocalı soyqırımı

229

26 fevral, 1992 – ci il…

…qəddarlığın zirvəsiydi,
insanlığın yasıydı,
iblisin təntənəsiydi…

hər tərəf – yer, göy
körpələrin, yaşlıların
qışqırtısı, naləsiydi…

qışın oğlan çağında,
bu dünyadan, doğmalardan
köməksiz qalan
ümidsiz insanlar
ən vəhşi alayların
qarşısında pərən-pərən,
didim-didim oldular.

üzdə erməni ünvanlı,
arxada rus nişanlı
quduzlaşmış ordular,
silahsız insanları
namərd-namərd qırdılar…

…evlərə girib,
çarpayıda xəstəni,
iməkləyən körpəni,
qocaları vurdular.

…bir ana qucaqlayıb
südəmər körpəsini
düşdü
üzü üstə yerə,
aman dilədi…

hırıldadı bir cani,
ananın qucağında
körpəni süngülədi,
qana qəltan elədi…

çığırdı, bağırdı
ananın başına yığışan
qışqıran, ağlaşan
o biri körpələr…

o qaniçən şaqqanaq çəkib
körpələr baxa-baxa
ananı güllələdi…

bunu təkcə
o cəllad eləmirdi…
dörd tərəfdən qan dolu
ah-nalə,
fəryadlar yüksəlirdi…

…qan içində çabalayıb,
qar üstünə düşən kim,
ayaqyalın, başaçıq
yollarda sinəsini
qəfil güllə deşən kim…

…gizlin yollara düşüb,
meşələrdə dolaşıb
kimlərsə xilas oldu…
amma
qəlblərində, ömürlərində
qan sızlayan sağalmaz
qəvi yaralar qaldı…

…insanları sonadək,
qırıb çatandan sonra
meyitlərə cumdular.

meyitləri əzdilər,
meyitləri xıncdılar,
İlahi! bu nə zülmdü?
onlar şərin ordusu,
onlar adammıydılar?

balaca körpənin əzildi başı,
qoca ağsaqqallın partladı qaşı,
hamilə qadının yarıldı qarnı,
yox oldu çoxunun ağzı-burnu…

baxıb mənzərəyə nəşələndilər,
meyitlər üstünə
bir də, bir də gəldilər,
parça-parça elədilər,
cəsədləri qeyz ilə,
bir də güllələdilər…

illərlə haray saldıqları
uydurduqları genosiddən
on qat, yüz qat, daha çox,
bir genosid oldu bu…
dünyadakı ən qanlı
bir soyqırım oldu bu…

Xocalıdakı nahaq qan
sənin üstünə,
sənin taleyinə yağır,
Yer üzü!

Xocalıdan keçib gəlir
XXI əsri
məkr içində çalxalayan
bəlanın
qanlı izi!

Əhməd Qəşəmoğlu

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı