DÜNYA 2020.11.10 14:00

Yaponiya KİV-ləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanatı geniş işıqlandırır

85

Yaponiyanın kütləvi-informasiya vasitələri noyabrın 10-da Moskva vaxtı ilə gecə saat 00:00-dan qüvvəyə minən və Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə Azərbaycan Ordusu arasında davam edən döyüşlərin tam dayandırılmasını nəzərdə tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanatı geniş işıqlandırır.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yaponiyanın NHK telekanalı, Kyodo və “Jiji Press” informasiya agentlikləri, “Asahi shimbun”, “Mainichi shimbun” kimi nüfuzlu qəzetləri və digər çoxsaylı kütləvi-informasiya vasitələri bunun tərəflər arasında sentyabrın 27-də başlamış döyüşlərin dayandırılması ilə əlaqədar sayca dördüncü razılaşma olduğunu bildirirlər.

Rusiya Prezidentinin dəftərxanasına istinadla qeyd edilir ki, tərəflər arasında razılaşma Rusiya Prezident Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən noyabrın 9-da imzalanıb.

Məlumatlarda bəyanatın mətni ilə Azərbaycan xalqını tanış edən Prezident İlham Əliyevin xalqa müraciətinə də geniş yer verilib. Azərbaycan Prezidentinin sözləri sitat gətirilib: “Faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir”.

Münaqişənin son mərhələsinin sentyabrın 27-də başladığı qeyd edilərək, döyüşlərin gedişində Rusiya və ABŞ-ın iştirakı ilə üç humanitar atəşkəsin elan olunduğu, lakin heç birinə əməl edilmədiyi bildirilir. Azərbaycan Ordusunun azad etdiyi torpaqları geri qaytarmağa çalışan Ermənistan qoşunlarının cəhdlərinin heç bir nəticə vermədiyi, əksinə, noyabrın 8-də Dağlıq Qarabağın ikinci böyük şəhəri Şuşanın işğaldan azad olunduğu qeyd edilir. Vurğulanır ki, strateji əhəmiyyətə malik olan bu şəhər Dağlıq Qarabağın paytaxtı Xankəndini Ermənistanla birləşdirən yolun üzərində yerləşir.

Azərbaycan Prezidentinə istinadla bildirilir ki, bununla da uzun müddətdir davam edən münaqişəyə son qoyulacaq, Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğal edilən bütün ərazilər Azərbaycana qaytarılacaq və Türkiyə regionda yerləşdiriləcək sülhməramlı qüvvələrə qatılacaq.

Bununla yanaşı, birgə bəyanatın elan edilməsindən sonra Ermənistanın paytaxtı Yerevanda baş nazir N.Paşinyanın istefasını tələb edən etirazların başladığı və etirazçıların hökumət binasını zəbt etdiyi də bildirilir. N.Paşinyanın sözləri sitat gətirilir: “Başqa yol yox idi. Bu hərbi vəziyyətin təhlilinin nəticəsidir”.

Məqalələrdə, həmçinin Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğu və 1988-ci ildə başlanan separatçı hərəkatın Ermənistan tərəfindən dəstəkləndiyi qeyd edilir. Bildirilir ki, 1991-1994-cü illərdə davam edən birinci Qarabağ müharibəsi Ermənistanın qələbəsi ilə yekunlaşıb və Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın yeddi rayonu işğal edilib.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı