ƏSAS SƏHİFƏ

“Yazıçılar Birliyinə yayda “putyovka” lazım olanda gedirəm”

152

Şair Vahid Əziz 1946-cı ildə Dərələyəz mahalında anadan olub. 1971-ci ildə Politexnik İnstitutunu bitirib. 1976-cı ilə qədər “Xəbər Mətbuat Agentliyi”ndə müxbir, ardınca Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışıb. 1991-1997-ci illərdə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olub, Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində “Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi”nin müdiri vəzifəsində çalışıb.

– Vahid müəllim, deyirlər ki, şairin kefindən əvvəl yaradıcılığını soruşarlar…

– Şükür Allaha, cavan vaxtı yazmadıqlarımı indi yazıram.

– Nələr idi cavanlıqda yazmadıqlarınız?

– İndi yazdıqlarım (gülürük). Daha cavan, emosional və enerjiliyəm. Heç 18 yaşımda belə yaza bilmirdim. Niyə? Çünki
həyat təcrübəsi öz rolunu oynayır.

– Sevgi mövzusudur, vətənpərvərlikdir…

– Hər şeydən yazıram. Şair balıqçı kimi bir şeydir, oturub “dənizin” qırağında. Nə çıxdısa, onu da yazır.

– Heç tilova “zəif balıq” düşdüyü olur?

– “Zəif balığı” saxlamıram, itə-qurda verirəm.

– Yəni?

– Heç nə, cırıb tullayıram.

– Belə bir deyim var ki, şeir şairin övladı kimidir.

– Əgər şeirimi oxudumsa, özüm zövq ala bilmədimsə, deməli, oxucu da zövq ala bilməyəcək. Əgər yazdığımı özüm dərk etmirəmsə, zövq almıramsa, niyə onu oxucuya sırımalıyam?

– Sizcə, doğrudanmı şeir şairin övladıdır?

– Təbii ki, elədir.

– Bəs niyə “övladınızı” atırsınız?

– Bu o mənada deyil də. Allaha dua edirəm ki, mənə tərbiyəli övladlar versin. Allah da tərbiyəli övladlar verib. Şeiri yazmağa başlayanda da dua edirəm ki, o da yaxşı şeir göndərsin. Şair ilham pərisinin gətirdiyi hər misranı götürməməlidir, onunla mübahisə etməyi bacarmalıdır. İlham pərisiylə vuruşmağı bacarıram, geri qaytarıb, deyirəm ki, get, abırlı şeir al gətir.

– Bəzi şairlər deyirlər ki, şair ətrafı yox, məhz öz içini yazır. Doğru fikirdirmi?

– Şair vücudu “akkumulyator” kimi bir şeydir. Cərəyana taxırsan yüklənir. Şairin də təmasda olduğu insanlar, hadisələr, təbii proseslər onun içində informasiya şəklində yığılır. Sonra hansısa xarici qüvvənin təsirindən o yaşantılar çölə çıxmağa başlayır. Hansı qüvvə təsir etdiyini isə bilmək olmur.

– Sifarişlə şeir yazmaq olarmı?

– Niyə olmur ki? O qədər yazmışam ki, dostlarımın nəvələrinə.

– Hər halda ürəkdən gəlməz.

– Ürəkdən gələn şeir olmayanda saxlamıram.

– Şairlər haqq carçıları, düzgünlük tərəfdarları hesab edilirlər. Belə olan halda qeyri-səmimi, içdən gəlməyən şeiri necə yazmaq olur?

– Mən qeyri-səmimi şeir yazmıram.

– Ürəkdən gəlmirsə, deməli, səmimi deyil…

– Şeytan göndərir, mən də cırıb atıram da.

– Bir ara əksər bəstəkarlarımızla işləyirdiniz…

– Mənimlə çox az bəstəkar işləyib. Hər bəstəkarla işləmirəm.

– Özünüz seçim edirsiniz?

– Seçim etmirəm, mənim yanıma özünə arxayın olan bəstəkar gəlir, şeir istəyir. Elçin İmanovla yeni mahnılarımız var, Kəmalə Qasımova Nisə Qasımovayla mənim sözlərimə gözəl bir mahnı işləyib – “Bəhanə gəzirəm”. Mən gedib onları axtarmıram, kim istəyir, işləyir.

– Mahnının səsyazma prosesində iştirak edirsiniz?

– Elə bəstəkar var ki, prosesi mənə göstərmir, axırda da mahnı bərbad halda olur. Onda irad bildirirəm ki, belə etməyin, bir az abırlı olun. Bəzən də bəstəkar deyir ki, Vahid, mümkünsə studiyada görüşək, sən də orada ol. Özünə hörmət edən, güclü və ciddi bəstəkar belə edir. Zəif bəstəkar bilir ki, iş xoşuma gəlməsə, icazə verməyəcəyəm.

– Deməli, musiqidən də anlayışınız var…

– Ən azi iki institut bitirmişəm. Bir dəfə evimizə usta gəlib televizoru düzəltməyə. Çox barmaq elədi, düzəldə bilmədi. Dedim, bunu belə elə, onu o cür elə. Dedi ki, müəllim, nə bilirsən? Cavab verdim ki, ay bədbəxt, sən usta yanında öyrənmisən, mən bunun institutunu bitirmişəm (gülür).

– Amma musiqinin institutunu qurtarmamısınız axı…

– Musiqinin yox. Bəstəkarlarla işləmişəm. Niyaziylə münasibətim olub, Fikrət Əmirovu, Cahangir Cahangirovu, Telman Hacıyevi tanımışam, Rəşid Behbudovla çox yaxşı münasibətim olub, Eldar Mansurov kimi böyük bəstəkarla işləyirəm, Tofiq Quliyev mənim sözlərimə “Lenin ordenli Bakı” adlı mahnı yazıb və o mahnı vaxtilə Brejnyev Bakıya gələndə oxunub. İndi əməkdar artist Ramil Qasımov o mahnını “Sabahı nurlu Bakı” adıyla oxuyur.

– Yazıçılar Birliyinə gedirsiniz?

– Tədbir olandan-olana, hərdənbir gedib-gəlirəm. Bir də yaydan-yaya “putyovka” lazım olanda gedirəm, sağ olsunlar, məktub yazırlar. 1974-cü ildən Yazıçılar Birliyinin üzvüyəm.

– Bəzən adama elə gəlir ki, o təşkilat bir neçə nəfər üçün nəzərdə tutulub.

– O mənlik deyil.

– Bəs niyə getmirsiniz?

– Çağırılanda gedirəm, çağırılmayanda yox. Yəqin ki, bu günə bu cür Yazıçılar Birliyi lazımdır və məni belə olması qane edir.

– Bəs otuz il əvvəl qane etmirdi?

– Onda da qane edirdi, indi də qane edir. Dövrlə bağlıdır da. Məhəmməd Peyğəmbər də deyir ki, uşaqlar valideynlərindən çox yaşadığı mühitə oxşayır. Görünür, ədəbi proses bu gün belə gedir. Məsələn, elə rayonlar var ki, orada kitab mağazaları yoxdur. Əgər kitab mağazası yoxdursa, millətdən necə savad gözləyə bilərsən? İkincisi, bir vaxtlar yazıçı əsərini dövlət nəşriyyatına təqdim edirdi, nəşriyyat onu həzmi-rabədən keçirəndən sonra, çap edib, pulunu verirdi. İndi bu proses də yoxdur, Yazıçılar Birliyi heç nə edə bilmir. Bu məsələ onun səlahiyyətlərindən kənardır.

– Olubmu ki, bir kitabınıza görə yaxşı qonorar alasınız? Məsələn, bir avtomobil alasınız, bir il də o pulla dolanasınız…

– İndi mənim hər biri 550-600 səhifə olmaqla on cildliyim çapa hazırdır. Son dövrlər “Səninlə” adlı bir kitabım çıxdı. Ondan əvvəl də bir kitabım nəşr olundu. Bu kitablarım o vaxt çıxsaydı, hərəsinə bir “Mersedes” alardım. Mən rəsmi vəzifələrdə işləyəndə, şeir yazmağı qırağa qoydum. Çünki partiya işçiləri içərisində şair, şairlər içərisində partiya işçisi olmaq istəmədim. İndi yazıram da. Amma o sistem qaydasında olsaydı və mən qonorar ala biləsəydim, o kitablara ən azı bir yaxşı maşın alardım. İndi də başqa bir məsələ var. Kitablar cəmi 500-1000 tirajla çıxır, o da yazıçının hesabına. Ölkədə 5000 kitabxana var və rayonların bir çoxunda kitab mağazası yoxdursa, onlar bər-bəzəklə məşğuldursa, özlərini göstərirlərsə-bu ayrı mövzunun söhbətidir-oxucu məni haradan oxusun? Yəqin ki, rayonlarda kitab olsa, maraq göstərib oxuyarlar da. Ona görə də bu ideoloji işdir və kompleks şəkildə həll olunmalıdır. Mənə belə gəlir ki, bu barədə bir tədbir görəcəklər.

– Nəğməkar şairləri digər şairlər qeyri-ciddi qəbul edirlər, qısqanclıqla yanaşırlar.

– Mənim nəğməkar şair sözündən xoşum gəlmir. Mənə nəğməkar şair deyəndə xoş olmur.

Söhbətimizin bu yerində dəhlizində həmsöhbət olduğumuz televiziyanın xanım əməkdaşı Vahid Əzizə yaxınlaşır. Şair də sanki himə bənd imiş:

– Belə gözəl qızı qoyub, səninlə söhbət edə bilmərəm. Orada elə bir nöqtə qoy ki, Vahid Əzizi bir gözəl apardı, söhbət yarımçıq qaldı.

Ölkə.Az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı